Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Uşaqlarda disleksiya və disqrafiya problemi

Disleksiya və disqrafiya yazılı nitq qüsuru sayılır. Əksər dislektik, disqrafik uşaqlar, demək olar ki, hamısı tam normal uşaqlardır. Sadəcə olaraq onların içərisində diqqət dağınıqlığı və hiperaktiv uşaqlar da var ki, onlarda disleksiya və disqrafiyaya rast gəlinmir.
Adətən, uşaqlarda dislektik problemlərin mövcudluğunu müəyyən etmək üçün 9 yaşında diaqnoz qoyulur. Ölkəmizdə isə çox vaxt disleksiya probleminə xüsusi xəstəlik kimi diaqnoz qoyulmur deyə, bəzən bu, savadsızlıq kimi qəbul edilir. Əslində isə, bu, savadsızlıq deyildir. Sadəcə olaraq bu uşaqlar fərqli uşaqlardır. Onlar rəsmlərlə düşünürlər. Sözü oxuyub dərk etməkdə problem yaşayırlar. Dislektik uşaqlar oxuyanda çətinlik çəkirlər, çünki onlar, məsələn, p-b, e-l kimi oxşar hərfləri bir-birinə bənzədərək oxuyurlar. Oxuyan zaman sanki iki söz bir-birinin üstündədir. Hətta disleksiya, disqrafiyanı ilk elmə gətirən oftomoloq olmuşdur. Uşağın görməsi ilə bağlı problemi olduğunu düşünən valideynlər mütəxəssisə müraciət edərkən məlum olub ki, uşağın görməsi 100%-dir. Sadəcə olaraq, həmin uşaqlar gördükləri və ya oxuduqları informasiyanı qəbul edib beyində formalaşdıra bilmirlər. Bunu görmə problemi kimi qələmə verirlər, çünki bu uşaqlar oxuyan zaman kitabı hədsiz dərəcədə yaxın tuturlar. Bunlar dislektik uşaqlardır. Dislektik uşaqların digər bir xüsusiyyəti də var. Oxuyan zaman ondan nə oxuduğunu soruşsan bilmədiyini deyəcəkdir. Çünki, sadəcə mexaniki şəkildə oxuyur. Buna semantik disleksiya deyilir. Bunu ilk öncə hiss edən pedaqoq olur. Belə halda, uşağı ilkin olaraq nevropatoloqun müayinəsindən, daha sonra loqopedin müayinəsindən keçirmək lazımdır. Bir müddətdən sonra isə pedaqoqla birlikdə işləmək gərəklidir.
Bu uşaqlar üçün müəyyən tədbirlər görülməlidir. 6-9 yaşına qədər uşaqlar riskli qrup sayılır. Bu uşaqlar sol və sağ bilmirlər, zaman anlayışları (dünən, bu gün, sabah) olmur, özünə inam aşağı olur, rəsmlərə meylli olurlar, bəzən hiperaktiv, bəzən isə çox sakit, özünə qapanıq olurlar. Onlar çox sadə işləri, məsələn, ayaqqabısını bağlaya, paltarını düymələyə bilmirlər. Valideyn bunu tənbəllik kimi qiymətləndirir. Amma bu kiçik matorikanın zəifliyi, diqqətsizlik deməkdir və uşaqdan asılı deyildir. Bunlar riskli qrup sayılır və mütləq mütəxəssisə müraciət etmək lazımdır. Məktəb dövründə bu uşaqlar oxuyan zaman kitabı özlərinə çox yaxın tuturlar və ya kitabı bir göz ilə oxuyurlar. Oxuduqdan bir qədər sonra isə başının və ya gözünün ağrıdığını deyir, tez yorulurlar. Valideynlər əksər vaxt bunu tənbəllik kimi qiymətləndirsələr də, amma bu uşaqların həm kiçik matorikası, həm də beyni yorulur. Həmin uşaqlara yazmaq üçün ilk dəfə üçün böyük qələm vermək lazımdır. Çünki bu uşaqlar ikili, üçlü barmaqla yazmağa hazır olmurlar, normal yazmağa yavaş-yavaş keçməlidirlər. Uşaqların çox zaman barmaqları ağrıyır və dislektiklər üçün xüsusi tutacaqdan istifadə olunur. Əgər həmin vasitələr yoxdursa, adi skoç və pambıqdan istifadə edərək uşağın qələmi rahat tutması üçün şərait yaratmaq olar.
Valideyn və müəllimlər tərəfindən belə uşaqlara özgüvən aşılanmalıdır. Uşaqları nəyəsə məcbur etməkdənsə onlara yardım edilməlidir. Bu uşaqlar yazı yazarkən çox zaman səhvləri olur. Belə olan halda səhv bir metod olaraq uşaqların köçürməsinə üstünlük verirlər. Lakin köçürmə zamanı uşaqlar sadəcə təqlid edirlər və öz xətləri formalaşmır. Bu zaman uşaq o yazıda özünü tapmır. Xronoloji problemlər də olur və bunun əksəriyyəti nitq qüsuru ilə bağlıdır, çünki uşağın söz ehtiyatı az olur. Məsələn, nağıl danışarkən sözün sinonimini bilmədiyi üçün dayanıb qalır, danışa bilmir. Ölkəmizdə təəssüf ki, bilinqvist(ikidilli) uşaqlar çoxdur və bu da disleksiya, disqrafiya probleminə gətirib çıxarır. Bir başqa problem mərkəzi beyin aparatı ilə bağlıdır. Sözsüz ki, bunu nevropatoloq xüsusi müayinələrdən sonra deyə bilər. Bəzən uşaqlar “r” səsinin əvəzinə “l” deyir və elə də yazır. Çünki elə deyir, elə eşidir və o cür də yazmağa başlayır. Ona görə də bu uşaqlarla işləyərkən ilk öncə nitqlərindən başlanır. Qrammatik disleksiya, disqrafiya forması da var ki, cümlə qrammatik normalara uyğun yazılmır və heç nə anlaşılmır. Bu uşaqlar danışarkən də belə danışır. Disleksiya, disqrafiyanın bu forması ağır nitq qüsurlu uşaqlarda olur. Ona görə də loqoped ilk öncə nitq qüsurunu aradan qaldırmalıdır ki, bunu pedaqoqun etməyi mümkün deyildir. Bundan sonra uşağın psixoloji, sosioloji vəziyyəti araşdırılır. Sosioloji vəziyyət dedikdə valideynlərlə münasibət nəzərdə tutulur. Bu zaman uşağın özünə hansı ailə üzvünü ideal seçdiyinə baxılır. Maksimum 5-6 ay uşaqlarla iş aparılır.
Bu problemin dəqiq meydana gəlmə səbəbini demək mümkün deyildir. Sözsüz ki, ananın hamiləlik zamanı yaşadığı problemlər uşaqda özünü göstərir. Amma dəqiq hansı problemin səbəb olduğunu müəyyən etmək olmur. Çox vaxt disleksiya, disqrafiya irsi olur. Oğlan uşaqlarında qızlara nisbətən çox rast gəlinir. Ümumiyyətlə, oğlan uşaqları zəif olur.
Məktəblərdə bu uşaqlar tənbəl, təlimə yararsız, savadsız uşaqlar kimi qiymətləndirilir. Halbuki onlar disleksiya, disqrafiyadan əziyyət çəkirlər. Bu uşaqlar üçün mütləq məktəblərdə maarifləndirici seminarlar verilməlidir. Maariflənmə olduqdan sonra uşaqlar yönəldilir. Yönəldilmə olduqda erkən müdaxilə və düzgün metodika tətbiq olunur. Erkən müdaxilə qədər effektiv metod yoxdur. Erkən müdaxilə bu uşaqların yeganə çıxış yoludur. Xüsusi kompüter metodları, klassik loqopedik psixoloji metodlardan istifadə etmək mümkündür. Bu metodlar hər bir uşağa uyğun seçilir.
Pedaqoqlar tərəfindən belə uşaqlara rast gəlindikdə ilk öncə onlara özgüvən verilməlidir. İkincisi, oxu problemi varsa lüğət ehtiyatının artırılması lazımdır. Bu cür uşaqlar yazan zaman qrammatik cəhətdən çox səhvlər buraxırlar. Oxuduqları zaman pəncərə sistemi, üçbucaq sistemi kimi metodlardan istifadə edilməsi məqsədə uyğundur. Bu metodlarda uşağın diqqəti məhz oxuyacağı sözə yönəldilir, uşaq ancaq sözü görür. Bu zaman uşaq tələsmədən, sözbəsöz oxuyur. Hər hansı hərfdə çətinliyi varsa, onu oyunlarla öyrətmək lazımdır. Məsələn, buna aid “baba”nın “b”sı, “papaq” sözünün “p”sı nümunələrini göstərmək olar. Uşaqların görməsini hərflərlə oyuna çevirmək lazımdır. Oxşar hərfləri tapıb, daha sonra oxşar olmayanları tapmaları və bunlardan söz düzəltmələri də effektli üsullardandır . Krassvorddan istifadə oluna bilər. Bununla uşaqlara hərflər sevdirilir.


Müəllif: Loqoped Esmira Kazımova
Müxbir: Ayten Pirverdiyeva
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: