Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Xasiyyət dedikdə nə başa düşülür?

 Xasiyyət dedikdə nə başa düşülür?
Xasiyyət dedikdə bura temperament və xarakter tipləri aid edilir. Müxtəlif vaxtlarda müxtəlif alimlər xarakterə bir çox təriflər vermişlər. Əvvəlcə temperament haqqında məlumat verək. Temperament eramızdan əvvəl 5-ci əsrdə Hippokrat tərəfindən bədəndə dövr edən qan, selik, sarı və qara öd kimi mayelərin insan xüsusiyyətlərini formalaşdıran amil kimi öyrənilmişdir. Həmçinin temperament sonradan qazanılan yox, anadangəlmə xüsusiyyətdir. Buna əsasən temperamentin 4 əsas tipi-sanqvinik, xolerik, fleqmatik, melanxolik mövcuddur. Sanqvinik tipə aid olan insanlar coşqun, dinamik, yeniliyə açıq, çevik, maraqları qeyri-sabit və davamsız, istənilən şəraitə tez uyğunlaşan, yaddaşları zəif(tez unudan), emosional xüsusiyyətli olurlar. Xolerik tipə aid olanlar çətinlik meydana çıxdıqda özünü itirmir, böyük enerji ilə onu aradan qaldırmağa çalışır, çox ifadəli mimikaya sahib olurlar, maraqları sabit və davamlıdır, tez-tez və ucadan danışırlar. Fleqmatik temperament tipinə xas olanlar qaradinməzdir, onları güldürmək, həyəcanlandırmaq, hirsləndirmək o qədər də asan deyil, ağlayarkən belə üzünün ifadəsi qətiyyən dəyişmir, hərəkətləri ləngdir. Melanxolik tipinə isə aid olanlar sakit, küsəyən, özünəqapalı, yorucu danışan, çox həssas, hərəkətləri süst və zəifdir. Bu temperament tiplərinin dördünün də müəyyən əlamətləri hamımızda mövcuddur, sadəcə yalnız biri daha çox üstünlük təşkil edir.
Temperamentdən fərqli olaraq, xarakter anadangəlmə deyil, sonradan qazanılan prosesdir. Xarakter əsasən insanın həyat vərdişləri, ailə və digər iştirak etdiyi mühitlərdə(bura təhsil, dostlar və başqa sosial fəaliyyətlər aiddir) gördüklərinə, qazandıqlarına, dünyagörüşünə əsasən formalaşır. Xarakter tiplərini isə alman psixiatrları Liçko və Leonqard müəyyənləşdirmişlər. Onların təsnifatlarına istinadən 5 əsas xarakter tipi mövcuddur. Hipertim tip, Emotiv tip, Şizoid tip, Epileptoid tip, İsteroid tip.
Hipertim tip- əhvalları həmişə yüksək olur, bir işə həvəslə başlayır, amma axıra qədər çatdıra bilmirlər, tək qala bilmirlər. Emotiv tip- çox həssas, hissiyatlı, dostları ilə daima mehriban davranan, qorxaq və cəsarətsiz, utancaqdırlar. Şizoid tip- daha çox daxili aləmlərinə yönəlmiş, adamlardan qaçan, qaradinməz, yaradıcı, xəyalpərəst olurlar. Epileptoid tip- çox vaxt sərt, ciddi xarakterli, özlərini çətin ələ ala bilən(və ya çətin idarə edə bilən), heç nədən dava salmağa meyilli, hövsələsiz olurlar. İsteroid tip- şöhrətpərəst, özlərini başqalarına nümayiş etdirməyi daha çox sevən, lovğa, yerli-yersiz(yalan olsa belə) danışan, göz önündə olmağı hər şeydən çox sevən olurlar.
Xarakter əsasən uşağın 3 yaşında şəxsiyyətinin, “mən” obrazının formalaşması dövründə diqqəti daha çox cəlb edir. Belə ki, uşağın bu dövründə onu etdiyi hər hansı davranışa görə xüsusilə başqa insanların yanında(istər doğmalar, istərsə də kənar şəxslər) təhqir etmək, alçaltmaq yolverilməz haldır. Eyni zamanda bu dövrdə “olmazları”, ona izah edərək, səbəbini deyərək anlatmaq lazımdır, əks halda qadağalar adi yetkin insanda olduğu kimi , uşaqda da maraq oyadır və sizin göz önünüzdən kənar bir yerdə həmin işi edərək özünə ziyan verə bilər. Həmçinin, uşağın şəxsiyyətinin formalaşmaqda olan dövrlərində onun sözünü kəsmək, səhv danışdıqda belə kobudcasına tərsləmək yaşa dolduqca onda asosiallılıq, utancaqlıq, ictimai yerlərdə fikrini ifadə edə bilməkdən çəkinmək kimi komplekslər yaradır. Belə kompleksli olan uşaqlar daha çox məktəb dönəmində sinifdə fəal uşaqlar arasında sıxılarkən seçilirlər, bu halda müəllimlər və məktəb psixoloqları həmin uşaqlarla daha sıx ünsiyyətdə olmalı, iç dünyalarındakı xarakterlərini aşkarlamaqda onlara yardım etməlidirlər. Həmçinin müəllimlər dərslərinə hazırlıqlı olmayan uşağı yoldaşları önündə təhqir etməklə, alçaltmaqla da onda özünüyararsız hiss etdirən komplekslərini formalaşdırır, həmin uşaqları depressiv edir ki, bunların da nəticəsi zamanla ağır ola bilir, hətta həmin uşağı intihara da cəlb edə bilir. Bunun üçün hər bir uşağın xarakterinin formalaşmasında valideynlər və müəllimlər həddindən çox həssaslıqla diqqətli və qayğıkeş olmalıdırlar. Eyni zamanda cəmiyyətimizdə qız-oğlan ayrı-seçkiliyi edən bəzi ailələr qız övladının əslində normal olan davranışlarını “qız elə etməz-belə etməz” deyimləri ilə tənqid edirlər və beləcə, yeniyetməlik və gənclik yaşlarında utancaqlıq, öz cinsini qəbul edə bilməmək kimi bir çox komplekslərin əsasını qoyurlar. Bununla da, həmin insanların daxili enerjisi sıxılır, özlərinə inam hissi aşağı düşür, bədbinliyə daha tez təslim olur və sosial həyatda fəal iştirak edə bilməməkdən dolayı, hər hansı sevdikləri peşəyə yiyələnə bilmirlər.


Müəllif: Ümumrusya Peşəkar Psixoterapiya Liqasının Həqiqi üzvü İlahə Dəmirbəy
Müxbir: Günel Məmmədzadə
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: