Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Nevroz və onun əlamətləri

       Nevroz və onun əlamətləri
Nevroz sinir sisteminin orqanik deyil, funksional pozğunluğudur. Nevroza tutulan insanlar daha çox həssas olur, hər bir şeyi çox dərindən düşünürlər. Nevroz olan insanlarda ürəkbulanma, boyun nahiyyəsində ağrılar, bulanıq görmə, yerişdə, nitqdə problemlər, dil tutulması kimi əlamətlər müşahidə edilir. Həmin insanlar bu cür əlamətlərə əsaslanaraq özlərinin ciddi bir xəstəlikləri olduğunu düşünərək bütün ultrasəs müayinələrindən keçmələrinə baxmayaraq daxili orqanlarında heç bir ciddi xəstəlik aşkarlanmır. Nevroz adı altında bir-neçə xəstəliklərin də özünəməxsus təsnifatları vardır. Bunlardan biri də panik-atakdır. Panik-atakdan əziyyət çəkənlərin sanki hər an ölə biləcək, pis xəstəliyə tutulacaq kimi təlaşlı qorxuları olur. Hətta bu zaman onlarda 3-10 dəqiqə müddətində təngnəfəslik, ürək çırpıntısı, gözlərin bərəlməsi, boğulma, tərləmə, hava qəbul etmək istəmələri kimi hallar baş verir.
Digər nevroz pozğunluğu isə obsessiv-kompulsivdir. Obsessiv-kompulsiv pozğunluğu olan insanlar hər hansı hadisəni, fikri dəfələrlə və ifrat dərəcədə təkrarlayırlar. Məsələn, evdən çıxarkən dəfələrlə suyu, işığı, qazı və ya qapını bağlayıb-bağlamadıqlarını yoxlayırlar. Həmçinin belə insanlarda çirklənmə qorxusu olur, tez-tez, hətta 10-15dəqiqə əl yumağa , daha çox saatlarını isə çimməyə sərf edirlər. Eləcə də, ictimai nəqliyyatda da əllərini heç yerdən tutmazlar, həmin yerlərdən evə gəldikdə isə paltarlarını çıxarıb yuyarlar. Onlar sanki yaxınlarının və özlərinin başlarına pis hadisə gələr deyə bu kimi hərəkətləri təkrarlamamaqdan da qorxurlar. Araşdırmalar zamanı məlum olmuşdur ki, obsessiv-kompulsiv pozğunluğu əsasən genetik olur.
Konversion pozğunluğa isə isteriya aiddir. İsteriya ailə münaqişəsi çox olan, məcburi şəkildə evləndirilən (sevərək ailə qurmayan) qadınlarda daha tez-tez müşahidə olunur. İsteriyası olan qadınların gərgin, həyəcanlı, stressli vaxtlarında tez-tez bayılmalar olur. Adətən, bu bayılmalar epilepsiya xəstələrində də olur, lakin, fərq ondadır ki, epilepsiya xəstələri özlərindən asılı olmayaraq istənilən bərk, daşlı-betonlu yerlərə də yıxıla və fiziki zədə ala bilərlər. İsterik xəstələr isə adətən yumşaq yerə yıxılırlar. İsteriklər yıxılarkən gözlər daha çox qapalı, epilepsiyalar yıxılarkən isə gözlər açıq, çevrilmiş ola bilər. İsterik tutmaların müddəti 30-60 dəqiqə, epilepsiya isə 3-5 dəqiqə olur. İsteriya zamanı huş itməz, ətrafdakı insanların səsini eşidə bilər, cavab verməyə də bilər. Epilepsiya zamanı isə huş itə, hətta ağızdan qan gələ bilər, sidikqaçırma da ola bilər. Bu tip tutmalar adətən, həmin insan evdə tək olduğu zaman baş vermir, çoxluq içində yaranan hər hansı gərginlikdən dolayı baş verir. Bu zaman onları ayıltmaqdan ötrü üzünə soyuq su tökmək, şillə vurmaq olmaz. Ətrafına çoxlu adam toplaşmamalıdır, yavaş-yavaş özünə gəlməlidir. Əks halda özünə gəlməsi uzun müddət çəkə bilər. Tutmalar zamanı həm də mutuzim (səs batma), göz tutulma kimi hallar da yaranır. Lakin, sonra bərpa olunur. Belə problemlərdən əziyyət çəkən insanlarla həm psixoloji, həm də dərman müalicəsi aparılır. Dərman müalicəsində asılılıq yaranmaması üçün hər bir xəstəliyin tələb etdiyi qədər dozada antidepressantlar yazılır. Antidepressantları təsirli etməkdən ötrü dozası yavaş-yavaş qaldırılaraq verilir, eləcə də dayandırarkən də dozası yavaş-yavaş azaldılır.
Nevroz psixi xəstəlik yox, psixoloji pozunğunluqdur. Maddi sıxıntısı olması, erkən yaşlarında valideynlərini itirməsi, hər hansı faciənin gözünün önündə baş verməsi, ailələrində tez-tez münaqişələr yaşanması kimi səbəblərdən dolayı bəzi insanlarda nevrozluq yaranır. Həmçinin, nevroz psixoloji pozunğunluq halları genetik də ola bilir. Onu da qeyd edək ki, nevrozun başqa bir psixi xəstəliyə çevrilməsi kimi fəsadı yoxdur.
Həmçinin, ailə münaqişəsi görmüş, hər hansı təcavüzə uğramış (cinsi istismara və s.), hər hansı faciədən çıxmış uşaqlarda da kəkələmə və s. kimi nevroz halları rast gəlinir.
Əsəbiliklə nevrozu bir-birindən fərqləndirən cəhətlər vardır. Əsəbilik əsasən insanın təbii xüsusiyyətidir. Məsələn, insan nəyəsə qəzəbləndikdə aqressiyasını xaricə çıxarmaqla özünü ruhən sakitləşdirir. Lakin, nevrozluqda bunun əksinə olaraq, aqressiya insanın öz daxilinə yönəlir, beləcə ruhən sakitlik tapa bilmir, daima sanki öz-özü ilə münaqişədə olur.

Müəllif: Nevroloq Aynur Zeynalova
Müxbir: Türkanə Qasımova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: