Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Çay süfrəsinin ənənələri

Çayın ən maraqlı xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, bir çox xalqların mətbəxinə daxil olaraq, adi qida məhsulu və ya içki kimi bu mətbəxin çərçivəsində qalmamışdır. Əksinə, özü ilə nə isə canlı bir nəfəs, çay ruhu gətirmişdir və məhz bu ruhun sayəsində həmin xalqların mədəniyyəti bir sıra yeni ənənə və mərasimlərlə zənginləşmişdir.
Çay təkcə mətbəxdə deyil, insanların şüurunda yer alaraq həyatımızın bir hissəsinə çevrilmişdir. Daim çay içməyə öyrəşən xalqlar həmin içkidən məh-rum olduqda, bu ayrılığı çox ağır keçirir. Bunu Çində hələ orta əsrlərdə qeyd edirdilər.
XIV-XVII əsrin çin müəllifləri yazırdı: “Çay tibetlilər üçün həyati zəruriyyətdir... Tibetlilər çayla yaşayır... Çay olmayanda tibetlilər o dərəcədə mənəvi iztirablar keçirir ki, bəzən bu xəstəliklə nəticələnir”. Həmin müşa-hidələr bu günün özündə də bir həqiqət olaraq qalmaqdadır və eyni dərəcədə azərbaycanlılara da şamil edilə bilər. Çayın bir o qədər də yayılmadığı ölkələrə səyahətə gedərkən biz – azərbaycanlılar çox tez bir zamanda həmin boşluğu hiss edir, mənəvi və fiziki rahatsızlıq keçiririk. İlk öncə özümüzü bir qədər na-rahat hiss edirdik. Narahatçılıq hissi tədricən əsəbiliyə çevrilir və 2-3 gündən sonra çaysızlıq başağrısı ilə nəticələnir. Bunun başlıca səbəbi çaya xas olan yüngül narkotik təsirlə deyil, insanın süfrə psixologiyasındakı dəyişikliklərlə izah oluna bilər. Süfrə psixologiyası adlanan həmin amil çox böyük əhəmiyyətə malikdir. Belə bir misal gətirək. Avropada bizə şirin çay gətirildikdə də özü-müzü narahat hiss edirik, çünki öz Vətənimizdə çayı qəndlə və ya mürəbbəylə içməyə vərdiş etmişik. Şirin çayı isə yalnız səhər yeməyi vaxtı içirik. Məhz buna görə psixoloji olaraq bu ətirli içkini tələsmədən içməyə, həmin prosesdən zövq almağa alışmışıq.
Azərbaycanda çay içmə adi prosedur deyil, onu tələsmədən, “ağaya-na” tərzdə içmək lazımdır. Həqiqətən Azərbaycan mətbəxində çay içmə bir mərasimə çevrilib. O, xüsusi – çox səmimi bir atmosfer yaradaraq, insanla-
rı bir-birinə yaxınlaşdırır, yadları dostlaşdırır. Çay süfrəsi arxasında hər bir azərbaycanlı özünü şair hiss edir. Məhz bu səbəblərə görə Azərbaycanda çay-xanalar heç vaxt “fast-fud”, “bıstro” və ya “tezbazar” xidmət göstərən digər kafelərə çevrilə bilməz. Təsadüfi deyil ki, həyat boyu bizi müşayiət edən bu içki haqqında bu qədər dastanlar qoşulub, şeirlər yazılıb, mahnılar bəstələnib!
Çay yeganə içkidir ki, bütöv bir fəlsəfinin təməlini qoymuşdur. XV əsrdə Çində çayın xüsusi kultu və onun əsasında qurulan xüsusi fəlsəfə cərəyanı – ti-izm yaradılmışdır. Çay ən qiymətli hədiyyəyə, ehtiram əlamətinə çevrilir. İm-peratorlar hər hansı bir bağbanı fərqləndirmək üçün onu çayla mükafatlandırır-dılar. Krallar ən qiymətli bəxşiş kimi çayı bir-birinə göndərərdilər. Alimlər çay haqqında traktatlar yazır, şairlər şeir qoşub məharətlə bir-birilə yarışardılar. Çay barəsində ilk kitabı hələ VII əsrdə “Əjdaha buludu” monastırının rahibi Lu Yu yazmışdır.
Həmin “Çay ensiklopediyası”nda bele sözlər var: “... o, öküzün çənəsi kimi burulmalı, tatar atlısının çəkməsi kimi əzilməli, dağ dərəsinin üstündən keçən bulud kimi açılmalı və yağışla isladılıb torpağa yapışan incə toz kimi yumşalmalıdır”.
Çin imperatoru Kiyen Lonqun saray şairi Lu Vu hələ VII əsrdə “Çay haq-qında müqəddəs yazı” kitabını yazmışdı ki, həmin kitab 3 cilddən ibarət idi.
Tanq sülaləsindən olan qədim çin şairlərindən biri isə çay haqqında belə yazırdı: “Birinci fincan dodaqlarımı və boğazımı isladır, ikincisi tənhalığıma son qoyur, üçüncüsü içalatımda tədqiqat aparır, dördüncü fincan mənə paklıq bəxş edir, beşinci ölməzlik dünyasına yüksəldir, altıncı isə. . . oh, amma daha içə bilmərəm... yalnız əllərimdən qalxan sərin yelin nəfəsini hiss edirəm”.
Qədim çin şairinin sözləri azərbaycanlıların dünyagörüşü ilə həmahəngdir. Xalq arasında işlənən atalar sözünü xatırlamaq kifayətdir:
Çayın biri qaydadı İkisi cana faydadı Üçü nəsdi

Dördü bəsdi Çatdı beşə Vur on beşə

Çay nədi, say nədi.

Müasir Çin ədəbiyyatında da çay haqqında maraqlı məlumatlar verilir. Görkəmli çin yazıçısı Szen Pu (1971-1935) “Şər dəryasında çiçəklər” (1905) adlı romanında belə yazırdı: “Səfir həyat yoldaşı ilə İngiltərəyə gələndə, burada əl işləri sərgisi keçirildi. İngiltərənin bütün aristokrat qadınları həmin sərgiyə öz əl işlərini göndərmiş, sərgiyə gələnlərə isə həmin əsərlərə qiymət vermək təklif edilmişdi. Əgər tamaşaçı hər hansı bir işi bəyənirdisə, öz münasibətini bildirmək üçün həmin əsərin yanına pul qoymalı idi. Bu bir hörmət əlaməti idi. Səncə, sərgidə iştirak etməyə razılıq verən Szen xanım (səfirin yoldaşı –T. Ə.), nə etdi? O, qətiyyən həyəcanlanmırdı və heç bir hazırlıq görmürdü. Sərginin açılışı günü Szen Sziçcan (səfir – T. Ə.) yuxudan tez durdu, lakin arvadını görməyib başa düşdü ki, o artıq sərgiyə gedib. Səfir faytona minib sərgiyə yollandı. Zallarda qeyri-adi həyəcan duyulurdu. Masaların üstünə par-çadan, ipəkdən, qızıldan və gümüşdən hazırlanmış əl işləri qoyulmuşdu. On-ların rəngarəngliyi və gözəlliyi göz qamaşdırırdı. Səfir bir anlığa özünü itirdi. Birdən sərginin giriş tərəfindən alqış səsləri eşidildi. Geriyə dönüb səfir öz arvadını gördü – o alçaq stulun üstündə, masa arxasında əyləşmişdi. Masanın üstünə Kaisi dövrünün 10-15 ədəd rəngbərəng çini fincanı və isti suyla dol-durulmuş bir neçə məşhur qum çaydanı düzülmüşdü. Suyun içinə 1 çimdik Ulişandan gətirilən çay atılmışdı.
Fincanların qeyri-adi naxışları və qədim içkinin rəngi bir-birini elə gözəl tamamlayırdı ki, bu kamilliyə istər-istəməz adamın gözü qamaşırdı. Mülayim küləklə yayılan pak çay ətri isə adamın huşunu aparırdı.
Masanın başına çoxlu adam toplaşmışdı – göygöz, sarısaqqall centlmenlər, zövqlə geyinmiş, nərmənazik, buruqsaç xanımlar. Onlar sərgidə gəzişməkdən yorulmuş və susuzluqdan yanırdılar. İndi çay onlar üçün sehrli həyat suyu idi.
Sərgi bağlandıqdan və pullar sayıldıqdan sonra məlum oldu ki, Szen xanım hamıdan çox pul yığmışdı”.
Qəribə orasıdır ki, çinlilər kimi azərbaycanlılar da yeməkdən əvvəl və sonra çay içirlər. Yəni süfrəni çayla başlayıb onunla da qurtarırlar.
Çay mərasiminin daha təkmilləşdirilmiş etiketini Çində və Yaponiyada ya-ratmışlar. Yapon ailələrində çay içmək üçün ayrıca otaq, hətta ev ayırırlar. Ya-poniyada çay içmə mərasimi bir sözlə incəsənətə çevrilmişdir. Çay mərasiminin bütün ritualları 37 ciddi ardıcıllığı özündə birləşdirir. Çay otağının qapısı çox aşağı olduğundan daxil olarkən adətən hamı baş əyib bu cənnətə daxil olur ki, bu da varlı, kasıb olmasından asılı olmayaraq hamını eyniləşdirir. Çay otağı çox sadə şəkildə qurulmalıdır. “Sadəlikdə gözəllik” ifadəsi Şərqdə çay ritualının de-vizidir. İsrafdansa çatışmamazlıq daha üstün hesab edilir. Yaponlar çay otağının işıqlandırılması və rəngli tərtibatı üçün işıq-kölgə kompozisiyasından məharətlə istifadə edirlər. Adətən, çay otağında güldana bir ağ gül qoyurlar. Otaqda, qabla-rın seçilməsində, geyimdə və s. kəskin rənglər müstəsnalıq təşkil edir.
Hətta kəskin hərəkətlər belə etmək olmaz. Hər şey sakit tonda saxlanılır, lakin burada eynilik istisna edilir. Bu o həddə çatır ki, çay otağında simmet-riya qanunlarına riayət olunmur. Serviz üçün əsas rəng ağ və mavidir. Əsas material isə çini olmalıdır. Çay otağında ancaq fiziki susuzluq yatırdılmır.
Qeyd etmək lazımdır ki, başqa xalqlarda da çay mərasimi vardır. Rus çay süfrəsinin də öz ənənələri vardır. L. N. Tolstoy, A. S. Puşkin, N. V. Qoqol, M. Y. Lermontov və bir çoxları çay həvəskarları olmuşlar. Lakin Rusiyada demək olar ki, çay içmirlər. Burada çayın içilməsi əsasən yeməklə bağlıdır. Əvvəlcə samovar sbiten hazırlamaq üçün düzəldilmişdi.
Ədalətli olmaq xatirinə qeyd edək ki, samovar qədim romalılara aiddir. Pompeydə aparılan qazıntılar zamanı qədim samovarlar tapılmışdır. Onların bəzilərində su axmaq üçün yer olsa da bir çoxlarında yoxdur. Yəqin ki, belə samovarlardan suyu çömçə ilə götürürmüşlər.
Dünyanın ən qədim samovarı isə Azərbaycanda tapılmışdır. Samovar bir çox xalqlarda çay etiketinin ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycanın Lənkəran rayonunda hətta samovara heykəl də qoyulmuşdur. Maraqlıdır ki, güclü çay istehsalçıları sayılan gürcülər az çay içirlər. Çay içmək ənənəsi azərbaycanlılarda həqiqətən bir rituala çevrilmişdir və bu da təsadüfi deyildir.

Müəllif: Tahir Əmiraslanov. Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru
Çay süfrəsinin ənənələri
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: